Documents
Resources
Learning Center
Upload
Plans & pricing Sign in
Sign Out

16nx9vvie5mxnr4-Virtual mekanda tehlukeli meqamlar musabiqe

VIEWS: 11 PAGES: 4

  • pg 1
									                                                                                Uşaqlar və internet

                             Virtual məkanda təhlükəli məqamlar

       1969-cu ildə ABŞ-ın bir neçə universiteti arasında qurulmuş ARPANET adlanan xırda
kompüter şəbəkəsi alim və mütəxəssislərin əməyi sayəsində genişləndirilərək 1990-cı illərdən
başlayaraq bütün dünyanı əhatə edən Ümumdünya Hörümçək Toruna - World Wide Web qlobal
şəbəkə sisteminə çevrildi. İnformasiya sahəsində inqilab edən internet günü-gündən artan şəbəkə
resursları ilə insan fəaliyyətinin bütün sahələrində böyük perspektivlər açmağa başladı.
Dünya əhalisi və İnternet İstifadəçiləri Statistikasının (World Internet Users
www.internetworldstats.com) məlumatına görə, 2009-cu ilin ortalarında dünyada internet
istifadəçilərinin ümumi sayı təqribən 1 milyard 668 milyon, Azərbaycanda isə 1 milyon 500 min
nəfər olmuşdur. Respublikamız üçün bu rəqəm 2008-ci ilin əvvəli ilə müqayisədə 50 faiz çoxdur
və orta hesabla ölkəmizdə əhalinin hər 100 nəfərinə 18 internet istifadəçisi düşür.
Rəqəmlərdən göründüyü kimi, internet işlədənlərin sayı ildən-ilə böyük sürətlə artır. Demək olar
ki, bu gün internetin populyarlığı, üstünlüyü və müsbət cəhətləri göz qabağındadır. Lakin hər
yeni texnoloji keyfiyyətə keçidin müsbət cəhətləri ilə bərabər, sonradan bir sıra mənfi
cəhətlərinin də üzə çıxması istisna olmadığı üçün ümumdünya şəbəkə sistemi də işə salınanda
onun problemlərsiz olacağına kimsə təminat verməmişdi. Xüsusən ona görə ki, internetin vahid
idarə olunma mərkəzi, yəni əsl sahibi yoxdur. Bu səbəbdən istismar zamanı internetin əlaqə
kanalında aşkar olunan boşluqlara, bu sistemin ziyanlı və təhlükəli tərəflərinə məsuliyyət daşıyan
da yoxdur. Halbuki qlobal şəbəkənin törətdiyi fəsadlar getdikcə qloballaşır.
       İnsanların internetdən həddən artıq istifadə etməsi, vaxtlarının çox hissəsinin monitor
qarşısında keçməsinə səbəb olur. Uzun müddət ekran qabağında əyləşmək isə həkimlərin rəyinə
görə, bədəndə maddələr və enerji mübadiləsinə mənfi təsir edir, orqanizmin müdafiə sistemini
zəiflədir, başağrısı, osteoxondroz, yuxu rejiminin dəyişməsi, gözlərdə quruluq və s. kimi mənfi
simptomlar əmələ gətirir. Kompüter qarşısında çox oturmağın bir səbəbi insanların əmək
fəaliyyətləri ilə bağlı olduğu halda, ikinci səbəbi istifadəçilərin, xüsusən yeniyetmə və cavanların
internetin faydalı resurslarından yararlanmaq əvəzinə, ondan yalnız əyləncə məqsədilə istifadə
etməsindədir. Belə əyləncələrdən həzz alan uşaqlar, tədricən gerçək aləmi unudaraq virtual
dünyada qalmağa alışır, özləri də hiss etmədən kiberməkanın əsirinə çevrilirlər. İkinci səbəb
insan sağlamlığı üçün daha təhlükəlidir. Bu zaman istifadəçilərin hərəkətlərində "internet-
asılılığı" və ya "internet-adiksiya" adlanan psixoloji əlamətlər də yarana bilər. Addikt (ing. addict
- bir şeyə bərk bağlanmaq, məhvedici asılılıq) davranışın yeni bir növü olan belə asılılığı
amerikalı alimlər alkoqolizmə, narkomanlığa və azartlı oyunlara olan patoloji meyillərlə oxşar
olduğunu göstərir və internet-adiksiyaya ən çox yeniyetmə və cavanların düçar olduğunu qeyd
edirlər. Belə istifadəçilər, alimlərin fikrincə, həm öz problemlərini arxa plana atır, həm də onların
psixikasının fəaliyyəti və individual şəxsi inkişafı tormozlanır. İnternetə ifrat dərəcədə mübtəla
olanlar öz psixi əhvallarını virtual aləmə transformasiya etmək yolu ilə narkomaniyada olduğu
kimi real həyatdan uzaqlaşmağa cəhd edirlər. Onlar virtual aləmdən kənarda özlərini kefsiz,
depressiyada hiss edir, bu aləmə növbəti girişi intizarla gözləyirlər. İnternetsiz emosional
gərginlik keçirənlər kompüter qarşısına keçən kimi özlərini yüksək əhval-ruhiyyədə hiss etməyə
başlayırlar. Onlar elektron poçtlarını fasiləsiz, əl çəkmədən yoxlayır, poçtda məktub görməyəndə
bərk əsəbiləşirlər. Daha narahatedici məqamlar isə odur ki, virtual aləmə giriftar olanlar qeyri-
müntəzəm qidalanır, fizioloji tələbatlarına, şəxsi gigiyenalarına etinasız yanaşır, çox vaxt işdə,
evdə öz fəaliyyətləri barədə yalan danışır, ayıqlıq halında olmaq üçün mütəmadi olaraq qəhvə və
digər psixostimullaşdırıcı vasitələrdən istifadə edirlər. Hələ üstəlik, yeniyetmələr canlı ünsiyyətin
nə olduğunu yaddan çıxarır, adi söhbətdə aqressiv, kobud, sərt və bəzi hallarda isə hətta cinayət
törətməyə meyilli olurlar.
       Keçən il Şəmkir rayonunda 15 yaşlı uşağın özünə kompüter almaq məqsədilə oğurluq
etməsi, bu hadisədən bir müddət əvvəl Yasamal rayon ərazisində internet-klub işçisinin pulla
pornoqrafik materiallar yayarkən polis işçiləri tərəfindən yaxalanması, hələ ondan da xeyli əvvəl
                                                                                                     2
Bakının Xətai rayonunda yerləşən internet-klubda çat (ing. chat - boşboğazlıq etmək) zamanı iki
yeniyetmə arasında düşən mübahisədə onlardan birinin bıçaqlanaraq həyatını itirməsi faktları
alimlərin yuxarıdakı qənaətə təsadüfən gəlmədiklərini göstərir. Axırıncı hadisələr həm də bəzi
internet-klub və kafelərində vəziyyətin qeyri-normal olduğuna dəlalət edir. Belə müəssisələrin
administratorlarının əksəriyyətinin İKT sahəsində savadsız və bəzən də təcrübəsiz olması,
onların özlərinin də internetə qurşanmasına və bunun nəticəsində salonda nizam və intizamın
tam nəzarətsiz qalmasına səbəb olur. Belə situasiyadan istifadə edən bəzi yeniyetmələr kompüter
arxasında bir kimsəyə məhəl qoymadan istədikləri saytlara girir, şəbəkə oyunları zamanı nə oldu
danışır, əcaib səslər çıxardır, biədəb ifadələr işlədir, üstəlik siqaret də çəkirlər. Halbuki internet-
klubu idarə edənlər belə neqativ halların qarşısını dərhal almalı, nizam-intizama əməl etməyən
istifadəçiləri salondan kənarlaşdırmalıdırlar. Bunlardan əlavə, məntiqlə götürsək,
administratorlar internetdən düzgün istifadə edə bilməyən müştərilərə metodiki kömək
göstərməli, hər hansı bir məlumatı tapmaqda çətinlik çəkənlərə axtarış qaydalarını başa salmalı,
məktəblilərə faydalı resursların hansı saytlarda yerləşdiyi barədə məlumat verməlidirlər. Bu
vəzifələri yerinə yetirmək üçün isə internet salonlarında sağlam əqidəli və İKT təhsili almış
mütəxəssislərin işləməsi olduqca vacibdir. Yeri gəlmişkən, internet-klubları göstərdikləri
xidmətlərinin keyfiyyətini və səmərəliliyini artırmaq üçün zirzəmilərdə, standartlara uyğun
gəlməyən və gözdən uzaq yerlərdə deyil, ictimai yerlərdə fəaliyyət göstərsələr daha
məqsədəuyğun olar. Artıq bir sıra ölkələrdə internet xidməti göstərən müəssisələrin fəaliyyətini
ciddi nəzarətə götürməyə başlayıblar. Məsələn, Belarus Respublikasında bütün internet-klub və
kafelərdə xüsusi kontrol sistemi tətbiq edilib. Bu salonların administratorları zərərli saytlara,
viruslara filtr qoyulmasını təmin etməli, abonent qurğular, kluba gələn müştərilər registrasiya
olunmalı, onların daxil olduqları saytların domen adları xüsusi elektron jurnalda qeyd
edilməlidir. Həmin jurnal ən aşağısı 12 ay ərzində saxlanılır və müəyyən hallarda onun tərkibi ilə
hüquq-mühafizə orqanları maraqlana bilər. Düzdür, ola bilər ki, bu, bir qədər sərt qaydadır, lakin
bununla belə dövlətin və vətəndaşların təhlükəsizliyi baxımından bəzən belə addımların atılması
tam zəruri və doğru olur.
       İnternetdə uşaqlar üçün təhlükə yaradan səbəblərdən biri də kiberməkanı səyahət edənlərin
anonimlik statusuna malik olmasıdır. Anonimlikdən istifadə edərək istifadəçilər müxtəlif
forumlarda və çatlarda özlərini istənilən şəxs (kişi, qadın, uşaq və s.) qismində təqdim edə
bilərlər. Real həyatdan uzaq bir məkanda özünü istədiyin adam kimi görmək və aparmaq,
ürəyindən keçəni danışmaq, boşboğazlıq etmək, bir sözlə, virtual şəxsiyyətə çevrilmək bəzi
internetsevənlər üçün olduqca maraqlı və əyləncəli prosesdir. Virtual şəxsiyyət insanın daxili
"Mən"inin, gizli istəklərinin yaratdığı bir obraz olur. Bu obraza uyğun da bir uydurma ad seçilir.
Belə ada şəbəkədə "nik" ("nickname" ing. ləqəb, təxəllüs, ayama) deyilir və virtual söhbət
iştirakçıları bir-birləri ilə məhz öz nikləri vasitəsilə tanış olurlar. Virtual söhbətlər nə qədər
maraqlı və şirin olsa da, onlardan böyük təhlükələr də yarana bilər. Bəzi uşaqlar çox vaxt
bilmirlər ki, onlar nik vasitəsilə çatlara necə daxil olurlarsa, eləcə də bədniyyətli insanlar
uydurma adlarla onların söhbətlərinə "həmyaşıd" kimi qatıla bilərlər. Bu zaman uşaqlar sözün əsl
mənasında Ümumdünya Hörümçək Torunda tora düşə bilərlər. Belə ki, valideyn nəzarətindən
uzaq qalan, ailəsində daim emosional-psixoloji stress hökm sürən, habelə fiziki, psixoloji
zorakılığa məruz qalan uşaqlar adətən öz problemlərini məhz virtual söhbətlərdə açıqlayır və
çatlarda tanış olduqları dostlarından diqqət və kömək umurlar. Uşaq əyləncələri, şou-biznes
aləmində baş verən hadisələrdən yaxşı məlumatı olan cinsi oriyentasiyası düz olmayan pedofillər
uşaqların problemləri, ailə vəziyyətləri ilə maraqlanır, onlara "canıyananlıq" edir, öz
qurbanlarının etimadını qazanaraq onların elektron poçt ünvanlarını, telefonlarını və s.
məlumatları öyrənir və uşaqlara müxtəlif ünvanlardan pornoqrafik materiallar, şirnikdirici
təkliflər, bəzən isə hədələyici mesajlar göndərməyə başlayırlar. Açıq erotik materiallar həddi-
buluğa çatmayanların əxlaqının pozulmasına və onların normal cinsi inkişafına mane ola bilər.
Şirnikdirici təkliflərə aldananların və hədələrdən qorxanların taleyi isə çox faciəvi ola bilər. Ona
görə də valideynlər övladlarına başa salmalıdırlar ki, tanımadıqları, şübhəli adamlardan gələn
faylları açmasınlar, internetdə tanış olduqları adamlarla görüş təyin etməsinlər. Əgər belə görüş
                                                                                                   3
zəruridirsə, onu ictimai yerdə təyin edib ilk tanışlığa sizinlə birgə getsinlər. Nəhayət, uşaqları
öyrətmək lazımdır ki, onlar internetdə, xüsusən çatlarda və forumlarda qeydiyyata düşəndə öz
şəxsi informasiyalarının yerinə uydurma məlumatlar versinlər. Düzdür, real həyatda adam yalan
danışmaz, lakin bu situasiyada, özü də virtual məkanda bir az yalançılıq ancaq uşağın xeyrinə
olar. Qeyd edək ki, virtual söhbətlərin təhlükələri barədə mətbuatda çox yazılsa da, dəhşətli
filmlər çəkilsə də belə, hər il minlərlə insan kibercinayətkarlığın qurbanı olur.
       Kiberməkanı kriminal məkana çevirən dəstələrə, təşkilatlara qarşı son on il ərzində aparılan
irimiqyaslı əməliyyatlar göstərir ki, cinayətkar qruplar internetdən ən çox azyaşlıları aldadaraq
cinsi istismara məruz qoymaqla öz pornobiznes "fəaliyyətlərini" genişləndirmək məqsədilə
istifadə edirlər. Xatırladaq ki, aparılan əməliyyatlar nəticəsində dünya üzrə hər il minlərlə pedofil
təşkilatlarının üzvləri aşkar edilir. Təkcə keçən ilin may ayında Fransada 90 nəfər, dekabr ayında
Kanadada və Avropanın 18 ölkəsində eyni vaxtda interpolun apardığı beynəlxalq əməliyyat
nəticəsində 115 nəfər uşaq pornosu ilə məşğul olan mütəşəkkil dəstələrin üzvləri həbs edilmişdir.
Bütün bunlar kiberməkanda uşaq təhlükəsizliyinin çox ciddi problem olduğunu göstərir. Ona
görə də təsadüfi deyildir ki, keçən il may ayında ölkəmizdə dövlət səviyyəsində qeyd olunan
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu da məhz
"Uşaqların kiberməkanda mühafizə olunması" idi. Problemlə bağlı Beynəlxalq
Telekommunikasiya İttifaqının baş katibi Hamadan Tureninin bütün dünya, o cümlədən
Azərbaycan ictimaiyyətinə etdiyi videomüraciətində hər il beş uşaqdan birinin predator və
pedofillərin təcavüzünə məruz qalması faktı qeyd edilmiş, kiberməkanda uşaqlara olunan
təhdidlərə qarşı birgə mübarizənin vacibliyi xüsusi vurğulanmışdır. Tədbirdə iştirak edən
respublikamızın İKT sahəsində tanınmış alim və mütəxəssisləri də uşaqların virtual aləmdə
mühafizəsinin təmin edilməsini informasiya cəmiyyətinin quruculuğunda əsas məqsədlərdən biri
olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmışlar.
       Virtual aləmdə təhdidlərin qlobal hal alması, dövlətlərdən belə təhlükələrə qarşı birgə
tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi "Kibercinayətkarlıq
haqqında Konvensiya" məhz virtual məkanı kriminal ünsürlərdən təmizləmək məqsədini daşıyır.
Artıq Azərbaycan da 2008-ci ildən həmin Konvensiyaya qoşulmuşdur. Xatırladaq ki,
Konvensiyaya qoşulmazdan əvvəl də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
"Kompüter informasiyası sahəsində cinayətlər" adlanan 30-cu fəslində 271, 272, 273 kimi ayrıca
maddələr var. Həmin maddələrə əsasən kompüter informasiyasına qanunsuz daxil olanlara,
ziyanverici proqramlar yaradanlara, onlardan istifadə edən və yayanlara, elektron-hesablayıcı
maşınlar sisteminin və şəbəkəsinin istismarı qaydalarını pozanlara qarşı müxtəlif cəzalar tətbiq
oluna bilər. Lakin bu cəzaların bəziləri, necə deyərlər, çox yumşaqdır. Ona görə də gələcəkdə
onların sərtləşdirilməsi daha məqsədəuyğun olardı.
       Göründüyü kimi, virtual məkanda təhlükəli məqamlar kifayət qədərdir, lakin bütün bunlara
baxmayaraq, internetdən istifadənin genişləndirilməsi, həm də zamanın tələbidir. İnsanların
internetin xeyirli resurslarından faydalanması, onlardan öz ixtisasları, peşələri və yaradıcılıqları
üzrə istifadə etməsi, ümumilikdə cəmiyyətin inkişafına gətirib çıxarır. Hamıya məlumdur ki,
hazırda kompüter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı iş tapmaq
şansı sıfıra bərabərdir. Ona görə də uşaqları kompüterdən ayırmaq onların intellektual inkişafına
və gələcək karyeralarına mənfi təsir göstərə bilər. Bu gün hər evdə müasir kompüter dəstinin
olması artıq zərurətdir. Uşağın kompüterdən evdə istifadə etməsi, internet-klublarından daha
yaxşı və etibarlıdır. Bu, internetin təhlükə riskini xeyli azaldır. Uşaqlarla bərabər böyüklərin
özlərinin də kompüter biliklərinə yiyələnməsi olduqca vacibdir. Valideyn kompüterdə işləmək
qaydasını bilməyəndə öz övladına bir şey başa sala bilməz və onun kompüterdə nə işlə məşğul
olduğunu da nəzarətdə saxlaya bilməz. Valideynlər çalışmalıdır ki, övladları kompüterin və
internetin pozitiv imkanlarından istifadə etməyə alışsınlar. İnternet uşaqlara dərslərini
hazırlamaqda, imla və kurs işlərini yazmaqda, dünyada baş verən hadisələr, tarix, mədəniyyət,
incəsənət haqqında məlumatlar almaqda çox köməklik edə bilər.
       Bir sözlə, gələcəyimiz olan uşaqların öz gələcəyi müəyyən mənada onların kiberməkanda
hansı mövqedə olacağından çox asılıdır. Uşaqlar təbiətcə dünyanın ən saf və təmiz məxluqları
                                                                                             4
olduğu üçün onların virtual aləmi də saflaşdırılmalı və yad ünsürlərdən təmizlənməlidir. Bunun
üçün isə virtual aləmdə real qayda-qanun tətbiq edilməli, kiberməkanda bütün təhdidlərə qarşı
güclü müdafiə sistemi qurulmalı, saytlar filtrlənməli, qlobal şəbəkənin əlaqə kanalında yaranan
boşluqlar aradan götürülməli və internet səhifələrində uşaqlara təhlükələr barədə xəbərdarlıq
edən bloklar yerləşdirilməlidir.


                                                                          Vüqar Haqverdiyev
                                                                          hagverdiev@box.az

                                                                        Mobil: (050) 6112142

“Azərbaycan” qəzeti – 2010, 13 fevral
 http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2010&Pid=1334

								
To top